21 - 24 noyabr 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində Türkiyə Ürək-damar Cərrahiyyəsi Cəmiyyətinin 18-ci Milli Konqresi keçirilib. Tədbirə Azərbaycandan 40-dan artıq kardiocərrah qatılıb.
“Türk Dövlətlərinin Kardiovaskulyar Zirvəsi” adlı panelin açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova 2024-cü ildə Bakıda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətlərinin I Kardioloji Qurultayı və I Kardio-onkoloji Konqresinin keçirildiyini xatırladıb. Hər iki tədbirə 1000-dən artıq mütəxəssisin qatıldığını vurğulayıb.
Həmçinin oktyabr ayında Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı səhiyyə nazirlərinin IV görüşünün keçirildiyini bildirərək, görüş çərçivəsində imzalanan ikitərəfli memorandumların, habelə “Türktransplant sisteminin təsis edilməsinə dair Niyyət Protokolu”nun əhəmiyyətini vurğulayıb.
Tədbirin növbəti günlərində təşkil olunan simpozium və interaktiv kurslarda müxtəlif ölkələrdən qatılan aparıcı mütəxəssislər kardiologiyada yeniliklər haqqında məruzələr ilə çıxış edib.