28 fevral tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən “Cardio Future 2025 - Ürək Sağlamlığında İnnovasiyalar və Yeni Yanaşmalar” mövzulu hibrid konfrans keçirildi. Səhiyyə Nazirliyi tərəfindən 5 DTT balı ilə qiymətləndirilən tədbirə Qazaxıstan, Kırğızıstan, Türkiyə, Özbəkistan, həmçinin Azərbaycandan aparıcı mütəxəssislər və kardioloji mərkəzlərin rəhbərlikləri qatılıb.
Açılışda giriş sözü ilə çıxış edən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova qeyd edib ki, ürək-damar xəstəliklərinin müalicəsi və qarşısının alınması üçün çox böyük səylər göstərilir, milli layihələr hazırlanır və həyata keçirilir, tibbi yardımın göstərilməsi üçün klinik göstərişlər və standartlar onu daha keyfiyyətli və səmərəli edir, həmçinin bu sahədə yeni strategiyalar hazırlanır.
“Heart Team – gələcəyi necə görürük?” mövzusunda çıxış edən professor qedy edib ki, yeni diaqnostik üsullar ürək-damar patologiyası olan xəstələrin yüksək informativ və qeyri-travmatik müayinəsinə imkan verir.
Həmçinin tədbirdə “Qazaxıstanda 100-cü Ürək Transplantasiyası: Nəticələr” mövzusunda Qazaxıstan Respublikasının baş kardioloqu, professor Maxabbat Bekbosınova, “Özbəkistanda Kardioloji Xidmət” mövzusunda Özbəkistan Səhiyyə Nazirliyinin baş kardioloqu Xurşid Fozilov və “Qırğızıstan Respublikasında ürək-damar xəstəliklərindən ölümü azaltmaq üçün təşəbbüslər və proqramlar” mövzusunda Qırğızıstan Kardiologiya və Terapiya Mərkəzinin icraçı direktoru Talant Sooranbayev, “Rəqəmsal tibb və uzaqdan xəstə monitorinqi xroniki ürək-damar xəstəlikləri olan xəstələrin idarə edilməsində inqilab edə bilərmi?” mövzusunda invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, t.ü.f.d. Ülvi Mirzoyev çıxış ediblər. Tədbirin sonunda geniş müzakirələr aparıldı, suallar cavablandırıldı.