Hər il oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Həmin günün qeyd edilməsi Ümumdünya Səhiyyə Təşkilatı və "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatının birgə təşəbbüsüdür.
Hər il "Sərhədsiz həkimlər"in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il "Sərhədsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edir.
Həkimlik dünyanın qədim olduğu qədər də ən məsuliyyətli peşələrindən biridir. Azərbaycan xalqı 2019-cu ildə başlayan və hələ də davam edən yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə və Azərbaycanın şanlı Zəfər çaldığı Vətən müharibəsində bu peşənin vacibliyini bir daha dərk etdi.