Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Anım Günü münasibətilə tibbi aksiya keçirilib
Azərbaycan Respublikasının Vətən Müharibəsi iştirakçılarının Anım Günü ilə bağlı Ak. C.M. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda şəhid və qazi ailələrinin üzvləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə tibbi aksiya keçirilib.
Bakı, Abşeron, Sumqayıt, həmçinin ölkə rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ və USM müayinəsi və muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də aparılıb.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən tibbi aksiya yüksək səviyyədə baş tutmuş və vətəndaşlar tərəfindən məmnunluq ilə qarşılanmışdır.
Son illərdə Azərbaycanda səhiyyə yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə humanist siyasət aparılır, vətəndaşlara bütün sahələrdə olduğu kimi və sosial yönümlü siyasətin mühüm tərkib hissəsi kimi, ölkənin dövlət tibb ocaqlarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xətti ilə ödənişsiz xidmət göstərilməsinə başlanmışdır. Elmi-Tədqiqat Kardiologiya İnstitutu qeyd edilən siyasətə dəstək olaraq 2022-ci ilin aprel ayından başlayaraq Bakı şəhəri və ətraf rayonlarda, həmçinin Şamaxı, Cəlilabadda, Zaqatalada, Gədəbəydə 600-dən artıq şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirib.
Biz şəhidlərimizi öz qəlbimizdə əbədi saxlayacağıq.
İkinci Qarabağ müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında bu gün bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirik!