Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Oftamologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılış mərasimi keçirilib
28 Aprel 2023, 14:00 - Mühüm tarixlər

Aprelin 28-də Bakıda Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Oftamologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılış mərasimi keçirilib.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev tədbirdə çıxış edərək tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın şərəfli həyat yolu keçdiyini, elm fədaisi kimi oftalmologiyanın, ümumilikdə, tibb elminin inkişafında əvəzsiz rol oynadığını söyləyib. Bildirib ki, Zərifə Əliyeva elmdə heç vaxt asan yol axtarmayıb, həmişə keçilməmiş yollarla gedib, yeni cığırlar salıb, elmi araşdırmaları üçün praktiki əhəmiyyət daşıyan aktual mövzular seçib. Onun namizədlik dissertasiyasının həsr olunduğu traxoma xəstəliyi də, doktorluq dissertasiyasının mövzusu olan peşə fəaliyyəti ilə bağlı göz xəstəlikləri də həmin dövrdə həllini tələb edən ciddi problemlər idi. Zərifə xanımın tədqiqatları bu çətinliklərin həllinə vəsilə oldu. Elmi tədqiqatlar zamanı Zərifə xanım araşdırdığı xəstəliyin yayıldığı bölgələri gəzir, yerlərdə müayinələr aparırdı. Peşəkar fəaliyyətlə bağlı görmə problemlərini öyrənmək üçün dünyada sənaye müəssisəsində təşkil olunan ilk elmi-tədqiqat laboratoriyasını yaradıb, müxtəlif maddələrin gözə təsirini kimya sənayesi işçilərinin iş yerində araşdırıb.
Nazir qeyd edib ki, Zərifə xanımın təkcə bu xəstəliklər üzrə deyil, qlaukoma, gözün travmaları, virus zədələnmələri, bədxassəli şişləri, göz yaşı yolu xəstəlikləri və digər problemləri əhatə edən ümumilikdə 200-ə qədər monoqrafiya, məqalə və məruzələri həm ölkəmizdə təbabət elminin, həm də bütünlükdə dünya oftalmologiyasının inkişafına dəyərli töhfələr idi. Məhz buna görə o, elm qarşısında böyük xidmətlərinə, çoxillik elmi tədqiqat işlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adı ilə təltif olunub, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Teymur Musayev diqqətə çatdırıb ki, Zərifə xanımın xoşbəxt ailə həyatı onun peşə uğurları qazanmasında, özünü elmin inkişafına həsr etməsində əlavə qüvvətverici amil idi. Ulu öndər Heydər Əliyev Zərifə xanıma onun peşəkar fəaliyyətində həmişə mənəvi dəstək olurdu.


Paylaş:
Baxış sayı: 127