Gülnaz Dadaşova: Kardiologiya İnstitutu tərəfindən 1000-ə yaxın qazi və şəhid ailəsi üzvü tibbi müayinədən keçirilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən ölkə ərazisində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiyalar aparılması davam edir.
Oktyabr ayının 15-də Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Quba Rayon Mərkəzi Xəstəxanası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB-in təşkilatçılığı və təşəbbüsü ilə qeyd edilən növbəti tibbi aksiya keçirilib.
Tədbir zamanı Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ müayinəsi aparılıb.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
İnstitutun direktoru, t.e.d., professor Gülnaz Dadaşova KİV-ə olan açıqlamasında bildirib ki, Vətən müharibəsində fədakarlıq göstərən, canları, qanları bahasına torpaqlarımızı işğaldan azad edərkən şəhidlik məqamına yüksələnlər və qazilərimizin haqqı ödənilməzdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bunu dəfələrlə vurğulamışdır. Elmi – Tədqiqat Kardiologiya İnstitutunun rəhbərliyi və kollektivi bu fikirləri əsas tutaraq daim şəhid ailələrinin, qazilərin yanında olur, onlara hərtərəfli dəstək göstərirlər.
Eyni zamanda 15 oktyabrda Kardiologoya institutunun bir qrup əməkdaşı Kürdəmir rayonunda şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirdib.
Hər iki aksiya yüksək səviyyədə baş tutmuş və əhali tərəfindən məmnunluq ilə qarşılanmışdır.
Professor Gülnaz Dadaşova qeyd edib ki, mütəmadi şəkildə aparılan aksiyalar nəticəsində artıq 1000 nəfərə yaxın vətəndaş müayinədən keçirilib və davamlı olaraq qeyd edilən tədbirlər digər bölgələrdə aparılacaq.