Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyanın açılışı keçirilib
TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində akad. C.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda yeni, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyanın açılışı olmuşdur. Müasir laboratoriyanın istifadəyə verilməsi dövlətimizin apardığı siyasət nəticəsində Azərbaycan vətəndaşlarının sağlamlığına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Fasiləsiz, 24 saat xidmət göstərəcək laboratoriya müasir zəruri avadanlıqlarla təchiz olunmuşdur. Burada laborator yoxlamalar peşəkar həkim-laborantlar tərəfindən həyata keçiriləcək. Bu isə xəstəliklərin vaxtında aşkar olunmasına imkan verəcək.
Təcili tibbi yardım, stasionar və reanimasiya şöbələrində müalicə alan xəstələrə vaxtında və əsaslandırılmış tibbi xidmətin göstərilə bilməsi üçün instrumental müayinələrlə yanaşı, muasir beynəlxalq standartlara cavab verən laborator müayinələr də artıq həyata keçirilir.
Mərkəzi laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya bölmələri fəaliyyətə başlayıb. Pre-analitik, analitik, post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil olunmuş laboratoriyanın fəaliyəti beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub.
Bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyamız “Mindray”, “Nüve” , “Beckman AU 480”, “Beckman coulter access 2 immunassay” kimi tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, hemotoloji, immunoloji və s. sistemləri ilə təchiz olunub.
Laboratoriyada keyfiyyətə nəzarət üçün həm daxili, həm də xarici nəzarət proqramları tətbiq olunub. Avtomatlaşdırılmış sıstemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb. Kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.