Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir
28 May 2022, 09:00 - Mühüm tarixlər

      Azərbaycan xalqı ikinci ildir ki, Müstəqillik Gününü qalib xalq kimi qürurla qeyd edir
Müsəlman Şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.
1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
     Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafı istiqamətində önəmli addımlar atıldı.
Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldı, xalqımız azadlığını itirdi.
      Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra – 1991-ci ildə bərpa edə bildi. Lakin əsl müstəqillik həyatımız 1993-cü ildə xalqımız ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət edəndən sonra başladı. İndi müstəqilliyimiz yetərincə möhkəmdir və məhz bunun nəticəsində Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazandı. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu, xalqımızın çoxəsrlik tarixində, eləcə də müstəqillik dövründə qazandığı ən böyük Zəfərdir.
       Müasir Azərbaycan 104 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı, xəyal etdiyi qüdrətli dövlətdir. 2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərtərəfli və dinamik inkişafdadır, ölkəmizin beynəlxalq imici durmadan möhkəmlənir. Vaxtilə imzalar içində imzası olmayan, çoxlarının tanımadığı Azərbaycan bu gün dünyada söz və nüfuz sahibidir. Fəxrlə qeyd edə bilərik ki, hazırda Azərbaycan dünyanın müstəqil siyasət yürüdən azsaylı ölkələrindən biridir.


Paylaş:
Baxış sayı: 207