Professor Gülnaz Dadaşova: İnsanlar döş sümüyü arxasında istənilən sıxıntı, narahatlıq hiss etdiklərində həkimə müraciət etsinlər - MÜSAHİBƏ
18 May 2023, 09:00 - Müsahibələr

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın APA-ya müsahibəsi

- Gülnaz həkim, son zamanlar ürək-damar xəstəlikləri üzrə ölüm sayında artım müşahidə edilir. Bunun səbəbləri nədir?

- Səhiyyənin əldə etdiyi bütün nailiyyətlərə baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən, ürək-damar sistemi xəstəliklərindən ölüm sayı bütün dünyada artmaqda davam edir.

Fundamental elmin, müasir səhiyyənin bütün nailiyyətləri tətbiq olunur, amma təəssüf ki, ürək-damar sistemi xəstəliklərindən ölüm və ağırlaşmalar hələ də davam etməkdə və artmaqdadır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, əhalinin əmək qabiliyyətli hissəsinin ürək-damar sistemi xəstəliklərindən nisbətən qısa və ya uzun müddət əziyyət çəkməsi sosial problemlər doğurur ki, bu da cəmiyyəti narahat edən çox ciddi məqamlardandır.

Ürək-damar sistemi xəstəliklərinin artmasının səbəbləri çoxdur. Bunlara ürək-damar sisteminə zərər verən risk faktorlarını aid etmək olar. Risk faktorlarını korreksiya olunan və olunmayanlara bölmək olar. Korreksiya olunanlara - düzgün qidalanma, sağlam həyat tərzi, zərərli vərdişlərdən uzaq olmaq və s. - son zamanlar bir qədər diqqət yetirilir, yalnız korreksiya olunmayanlara bu gün də təsir edə bilmirik. Onlar arasında irsiyyət, yaş, cins kimi faktorları kimi göstərə bilərik. İrsiyyət o qədər önəmli faktordur ki, valideynlərini gənc yaşda bu xəstəlikdən itirən, yaxın qohumlarında ürək-damar xəstəlikləri olanlara 35-40 yaşdan sonra deyil, bundan daha erkən dövrdə daimi müayinə olunmağı tövsiyə etmək olar.



Paylaş:
Baxış sayı: 1634