Səhiyyə Nazirliyi, nazirliyin Elmi-Tədqiqat Kardiologiya İnstitutu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə 29 noyabr tarixində “Gəncə Sağlamlıq Günləri” çərçivəsində şəhid və veteran ailələri üçün kardioloji müayinələr keçirilib.
Tədbirdə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları, həkimləri iştirak ediblər.
Tədbirin açılışında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Planlama Departamentinin rəhbəri Hikmət İbrahimli aksiya iştirakçılarını salamlayıb, bildiriblər ki, İnstitut tərəfindən ənənəvi olaraq şəhid və veteran ailələrinin üzvləri üçün tibbi xeyriyyə aksiyası keçirilir. Aksiya zamanı şəhid və veteran ailələrinin üzvləri müxtəlif patologiyalar üzrə müayinələrdən keçəcək, lazımı reseptlər yazılacaq, ehtiyacı olan xəstələrə dərman vasitələri paylanacaq.
Bildirilib ki, 3 gün ərzində həyata keçiriləcək tibbi xeyriyyə aksiyası zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən kardioloji, endokrinoloji, nevroloji, nefroloji xidmətlər göstəriləcək.
Professor Gülnaz Dadaşova “Gəncə Sağlamlıq Günləri” çərçivəsində kardioloji aksiyanın əhəmiyyətindən danışaraq, qeyd edib ki, şəhid və veteran ailələrinin üzvləri ilə yanaşı, bura gələn əhalinin də aksiyada iştirak etməsi, müayinələrdən keçməsi təmin ediləcək.
Aksiya zamanı Gəncə, Tərtər, Mingəçevir, Şəki, Goranboy, Ağdaş, Bərdə və digər rayonlardan 300-ə yaxın vətəndaş artıq müayinədən keçib və aksiya davam edir.