Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 19-20 fevral tarixlərində Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) həkim briqadası tərəfindən Cəbrayıl rayonunda və Zəngilan rayonun Ağalı kəndində əhali üçün kardioloji müayinələr keçirilib
20 Fevral 2025, 15:00 - Görüşlər

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 19-20 fevral tarixlərində Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) həkim briqadası tərəfindən Cəbrayıl rayonunda və Zəngilan rayonun Ağalı kəndində əhali üçün kardioloji müayinələr keçirilib.
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir.
Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.
Aksiya çərçivəsində ETKİ-nin kardioloq, endokrinoloq, tibb bacısı ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Ümumiyyətlə, aksiya zamanı 250-dən artıq vətəndaş müayinələrdən keçirilib.
Müayinələrdən sonra sağlam həyat tərzinin təşviqi ilə bağlı, eyni zamanda, yüksək təzyiq və ürəktutma zamanı ilk tibbi yardımın göstərilməsinə dair Cəbrayıl və Zəngilan rayonlarının ictimaiyyəti üçün maarifləndirici tədbir təşkil olunub.


Paylaş:
Baxış sayı: 36