Tərtər və Ağdərə rayonlarında əhalinin ikigünlük kardioloji müayinələrini keçirilir.
27 İyul 2024, 10:00 - Görüşlər

Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələrini keçirilir.
İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb heyəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılır.
Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilməsidir.
Tədbirin ilk günündə 25 iyul Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində tibbi müayinələr təşkil olunub. Ikinci gün 26 iyul aksiya öz işinə Tərtər rayonunda şəhid və qazi ailələri üçün müayinələr ilə davam edib.
Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tədbir Tərtər rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
Ümumilikdə, 2 günlük tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
Hər iki gün əhali üçün maarifləndirmə işləri aparılıb. Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəlikləri müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Paylaş:
Baxış sayı: 135