Türk Dövlətləri Təşkilatının və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində oktyabrın 8-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib. Tədbirdə TDT-nin Baş katibi, üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirləri, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi, həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin IV iclasının Şuşada keçirilməsinin tarixi və qürurverici hadisə olduğunu vurğulayıb. “Türk dünyasının böyük oğlu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Həmçinin, TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra Anlaşma Memorandumlarının imzalanması baş tutub. Sənəd tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, bu ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqini və gücləndirilməsini ehtiva edir.
Belə ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova Qırğızıstan Respublikası səhiyyə nazirliyinin elmi tədqiqat ürək cərrahiyyəsi və orqan transplantasiyası institutunun direktoru, professor, Şabırəliyev Samidin Esenbekoviç, Ürək-damar xəstəlikləri sahəsində əməkdaşlığa bağlı Türkiyə Respublikasının səhiyyə nazirliyi türkiyə sağlamlıq qurumları başçılığı prof. Dr. Ümit Kervan və “Universitet Tibb Mərkəzi” korporativ fondunun İdarə Heyətinin sədr müavini Məhəbbət Bekbosınova ilə memorandum sənədlərini imzalayıb.