Uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub
01 İyun 2022, 10:00 - Mühüm tarixlər
Uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşəbbüsü ilə Bakı şəhərindəki uşaq sığınacaqlarında məskunlaşan uşaqlar üçün ixtisaslı həkim müayinələri təşkil olunub. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun mütəxəsissləri və 8 nömrəli Uşaq Poliklinikasının pediatr, terapevt, nevroloq, kardioloq, ümumi-cərrah, otolarinqoloq və endokrinoloqdan ibarət həkim heyəti aksiyada iştirak edib.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi müayinə 4 uşaq sığınacağı və 1 uşaq reabilitasiya mərkəzində 19-24 may tarixlərində keçirilib. Tibbi müayinələrin keçirilməsində əsas məqsəd valideyn himayəsindən məhrum olmuş xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı ilə bağlı problemləri erkən aşkarlamaq və ağırlaşmaların qarşısını vaxtında almaqdır.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi müayinələrə 1-18 yaş qruplarında olan uşaq və yeniyetmələr, həmçinin uşaq sığınacaqlarında məskunlaşan qadınlar cəlb olunub. 6 gün davam edən aksiyada 10 nəfəri qadın olmaqla ümumilikdə 168 nəfər iştirak edib.
Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun peşəkar həkim heyəti portativ müayinə cihazları vasitəsilə ultrasəs müayinə (USM) və exokardioqrafiya (EXO) funksional-instrumental müayinələr də aparıb. Uşaqların sağlamlığının ümumi vəziyyətini dəyərləndirilməsi üçün laborator analizlər də keçirilib. Belə ki, qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D və B12 vitaminlərinin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib. Müayinələr nəticəsində uşaqların 90%-də vitamin D çatışmazlığı aşkar olunub, bir neçə nəfərdə isə qalxanabənzər vəzinin hormonlarının səviyyəsi normadan artıq çıxıb. Analizlərin nəticələrinə uyğun olaraq həkim pediatrlar tərəfindən müalicə üçün təyinat verilib.


Paylaş:
Baxış sayı: 235