“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi Kardiologiya İnstitutunun təşkilatçılığı ilə tənha ahıllar üçün tibbi müayinələr təşkil olunub
“Heydər Əliyev İli” çərçivəsində Səhiyyə Nazirliyi akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində səyyar tibbi müayinələr təşkil olunub.
Tibbi müayinələrin keçirilməsində əsas məqsəd müəssisədə məskunlaşmış ahıl sakinlərdə xəstəlikləri erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır.
Aksiya zamanı müayinələrə 70 nəfər cəlb olunub.
Tədbir çərçivəsində ixtisaslı həkimlər - həkim kardioloq, həkim-nevroloq tərəfindən diaqnostik müayinələr aparılıb. Müəssisə sakinləri exokardioqrafiya (EXO) və elektrokardioqramma (EKQ) müayinələrindən keçib.
Sosial baxımdan həssas əhali qrupuna aid şəxslərin sağlamlığının qorunması istiqamətində analoji tədbirlərin institut tərəfindən bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.