18.04.2022-ci il tarixindən etibarən C.Abdullayev adına Elmi - Tədqiqat Kardiologiya İnstitutunda İcbari Tibbi Sığortanın dəstəyi ilə müasir standartlara uyğun çalışan laboratoriya sistemi quruldu. Həmin gündən etibarən xəstəxanamıza müraciətlərin sayı 10 dəfə artıb. Belə ki, ilin ilk aylarında aylıq 250 xəstə müaricəti olduğu halda, laboratoriya qurulandan etibarən müraciət sayı aylıq 2500-ə çatıb. Həmin tarixə qədər laboratoriyamızda manual analizatorlarla 20 adda analiz olunduğu halda, həmin tarixdən etibarən İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan xəstəxana profilimizə uyğun 150 adda analiz olunmağa başlayıb. Mərkəzi laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya bölmələri fəaliyyətə başlayıb. Pre-analitik, analitik, post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil olunmuş laboratoriyanın fəaliyyəti beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub. Bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyamız “Mindray”, “Nüve” , “Beckman AU 480”, “Beckman coulter access 2 immunassay” kimi tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, hemotoloji, immunoloji və s. sistemləri ilə təchiz olunub. Laboratoriyada keyfiyyətə nəzarət üçün həm daxili, həm də xarici nəzarət proqramı tətbiq olunub. Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb. Kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.