Qeyri-düzgün qidalanma, spirtli içkilər, qeyri-aktiv həyat tərzi ürəyinizin sağlamlığına zərər verir.


Spirtli içkilərə aludəlik dünyada vaxtından əvvəl (erkən) ölüm və əlilliyin mühüm risk faktorlarından biridir. Məsuliyyətsiz və təhlükəli səviyyədə spirtli içkilərdən istifadə hər il milyonlarla insanın ölümünə səbəb olur. Məsələn, 2004-cü ildə spirtli içkilər 2.3 milyon insanın ölümünə səbəb olmuşdur. Bu isə dünyada bütün ölüm hallarının 3.8%-na bərabərdir.
Spirtli içkilərdən məsuliyyətsiz və təhlükəli səviyyədə istifadə nəticəsində baş verən xəstəliklər qlobal miqyasda bütün xəstəliklərin ümumi yükünün 4.5%-ni təşkil edir.
Qəbul edilən alkoqolun həcmi ilə bəzi xərçəng növləri, qaraciyər və ürək-damar xəstəliklərinin əmələ gəlməsi riski arasında bir başa əlaqə vardır. Alkoqolun qəbulu ilə ürəyin işemik xəstəliyi və beyin-damar xəstəliyinin inkişafı arasında münasibətlər daha mürəkkəbdir. Burada əsas amil kimi qəbul edilən alkoqolun həcmi və qəbulu xüsusiyyətləri çıxış edir.
Bəzi inkişaf etmiş ölkələrdə aparılmış epidemioloji tədqiqatlardan məlumdur ki, alkoqolun az qəbulu əhalinin bəzi qrupları arasında müəyyən xəstəliklərin profilaktikasına müsbət təsir göstərə bilər. Lakin, hətta qısa müddət ərzində çoxlu miqdarda spirtli içkilərdən istifadə qeyd edilmiş müsbət təsiri yox etmiş olur.
Baxmayaraq ki, spirtli içkilərin qəbulu bir çox mədəniyyətlərdə və cəmiyyətlərdə ənənədir, dünya əhalisinin 45%, qadınların isə 55% heç zaman alkoqol qəbul etməmişdir.
Qeyri-infeksion Xəstəliklər baxımından spirtli içkilərdən istifadə xərçəng xəstəliyi, ürək-damar xəstəlikləri və qaraciyər xəstəliklərinin yaranması və inkişafı ilə bağlıdır. Spirtli içkilərdən istifadə həm də bir sıra psixi pozuntularla əlaqəlidir.