Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya instututu 1979-cu ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə açılmışdır. Elmi-Tədqiqat Kardiologiya İnstitutuna akademik Cahangir Məmməd oğlu Abdullayevin adı verilmişdir. C.Abdullayev Əməkdar Elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir. Azərbaycan Tibb Universitetində “Akademik C.Abdullayev” adına təsis edilən təqaüd təhsildə fərqlənən əlaçı tələbələrə təqdim olunmuşdur.
Böyük alimin adını daşıyan və 1979-cu ildən fəaliyyətə başlamış Kardiologiya institutu bütün bu müddət ərzində böyük inkişaf yolu keçmişdir və hazırda bu müəssisə böyük elmi potensiala və klinik-praktik təcrübəyə malikdir. Fəaliyyət göstərdiyi müddətdə istər klinik, istərsə də elm sahəsində öz töhfələrini vermiş və verməkdə davam edir.
Qeyd etmək lazımdır ki, müəssisədə yüksək ixtisaslı, təcrübəli, peşəkar, təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi çalışır, eyni zamanda elmi işçilər tərəfindən elmi-tədqiqat işləri aparılır. Son ildə institut rəhbərinin effektiv və məqsədyönlü fəaliyyəti sayəsində maddi-texniki baza yenilənmiş, bütün şöbələr yeni və müasir avadanlıqlarla təchiz olunmuşdur.